Uğursuz saç əkimi əməliyyatının 5 səbəbi
- RQ Raul Emre
- Apr 26, 2024
- 4 min read
Updated: May 8, 2024
Əziz oxuyucu, hər bir cərrahi əməliyyatda olduğu kimi saç əkimi əməliyyatı öncəsində də pasiyentin narahatlığına səbəb ola biləcək, onu düşündürəcək müxtəlif məqamlar vardır. Bununla bərabər uğurlu bir saç əkimi əməliyyatının nəticəsində əldə ediləcək məmnuniyyət isə, gözləntilərin çox üstündədir. İlkin mərhələdə texnikasından asılı olmayaraq, saç əkimi əməliyyatına baş vurmağı düşünürsünüzsə, ümumi prosedur haqqında əsas məlumatları əldə etməlisiniz. Yəni, qarşılaşa biləcəyiniz mümkün problemləri öyrənməklə yanaşı, onların qarşısının necə alınmasını da öyrənmək sizin üçün çox faydalı olacaqdır! Məhz bu məqaləmizdə uğursuz saç əkimi və ya pis saç əkimi əməliyyatının başlıca səbəbləri haqqında bir neçə mövzuya toxunacağıq.
Bəs nə üçün bəzi saç əkimi əməliyyatları uğursuz olur?
Bu sualın cavabının araşdırılması üçün müxtəlif uğursuz saç əkimi əməliyyatlarını təhlil edərək, saç əkdirən insanların nəticələrdən narazı qalmasının 5 əsas səbəbini müəyyən etdik.
1. Həkim təcrübəsizliyi
Ən məşhur saç əkimi texnikası hesab edilən DHİ və FUE kimi texnikalar səbr tələb edən cərrahi prosedurlardır. Bəzən, təcrübəsiz cərrahlar transplantasiya zamanı saç qreftlərini düzgün şəkildə yerləşdirməkdə çətinlik çəkə bilərlər. Unutmayaq ki, saç əkimi prosedurunun ən mühüm mərhələlərindən biri elə əldə edilən qreftlərin alıcı nahiyəyə düzgün şəkildə yerləşdirilməsidir ki, bu da saçın son görünüşündə mühüm rol oynayır. Təcrübəli həkimlər saç əkimi üçün uyğun donor bölgələrdən necə səmərəli şəkildə istifadə edəcəklərini bilirlər. Hətta qeyri-peşəkar həkimlər donor nahiyənin yanlış seçilməsi kimi səhvlərə də yol verə bilirlər. Saç follikulları baş dərisinin yanlış nahiyələrindən köçürüldükdə, nəticə olaraq həm donor bölgə, həm də alıcı bölgə bu zəif texnikanın sübutunu göstərəcəkdir. Digər məqalələrimizdə də bir neçə dəfə vurğuladığımız kimi, saç əkimində istifadə edilən ilk donor nahiyə başın ənsə hissəsidir. Təbii görünüşün əldə edilməsi üçün, ənsə nahiyəsindən alınan saçlar doğru şəkildə istifadə edilməlidir. Fərqli donor bölgələrdən götürülmüş saç köklərinin sui-istifadəsi qəbuledilməz nəticələrə yol aça bilər. Bununla belə, bəzi təcrübəsiz həkimlər donor nahiyələri çox sıxışdıra bilərlər. Məsələn, həkimin donor nahiyədən lazımsız yerə çoxlu sayda saç kökünü çıxarması - “həddindən artıq yığım” termini buna bir nümunədir. Saç əkimi əməliyyatında təcrübə çox vacib bir elementdir. Əsasən FUE və DHİ saç transplantasiyası əməliyyatı üçün müraciət edərkən həkim təcrübəsini nəzərə alın. Bunun üçün həkimin təcrübə müddətini və daha da yaxşısı pasiyent rəylərini qiymətləndirə bilərsiniz.
2. Əməliyyat sonrası saça düzgün qulluq edilməməsi
Saç transplantasiyasından sonra saça qulluq etmək ən az əməliyyat qədər önəmli olan bir mövzudur. Həkiminiz əməliyyatdan sonrakı günlərdə və həftələrdə bilinməli və riayət edilməli vacib məqamları sizinlə bölüşmüş olacaqdır. Bəzi xəstələr baş dərisində həddindən artıq qabıqla qarşılaşa bilərlər. Bu nahiyəni cızmaq və ya yanlış şəkildə yumaq saç köklərinin transplantasiya edilən nahiyəyə düzgün şəkildə yerləşməsinin qarşısını ala bilər. Yaxşı xəbər isə budur ki, saçınıza həqiqətən belə ciddi bir ziyan vurmaq üçün olduqca ehtiyatsız davranmalı olmalısınız. Əməliyyatdan sonra saç yuma təlimatlarına əməl etmək, məsələn, günəşə məruz qalmamaq və ya çox tərləməmək və .s kimi tövsiyələrə əməl etmək olduqca böyük əhəmiyyət daşıyır. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün bloq səhifəmizdə yerləşən “Saç əkimi əməliyyatı. Öncəsi və sonrası” adlı məqaləmizə nəzər yetirə bilərsiniz.
3. Pasiyentin saç əkimi üçün uyğun namizəd olmaması
Saç əkimi bir çox insan üçün daha gözəl həyat bəxş edən bir prosedur ola bilər. Lakin, unutmayaq ki, bu əməliyyat mütləq şəkildə sadəcə uyğun namizədlər üzərində aparılmalıdır. Əməliyyatdan əvvəl həkimin pasiyentin genetik və ümumi sağlamlıq vəziyyətini qiymətləndirməsi, müəyyən müayinələrdən sonra əsas məsələləri müzakirə etməsi vacibdir. Müayinə zamanı həkiminiz gələcək saç tökülməsini təhlil etmək, saç tipini qiymətləndirmək və saç tökülməsinin əsas səbəbini müəyyən etmək üçün müxtəlif qiymətləndirmələr aparmalıdır. Bütün sadalananlar prosedur üçün uyğun olub-olmadığınızı müəyyən etməyə kömək edən amillərdir. Bir çox hallarda saç əkimi prosedurunda uğursuzluğun əsas səbəbi pasiyentin saç əkimi üçün uyğun namizəd olmamasıdır. Pasiyentin FUE saç əkimi üçün uyğun olmadığını müəyyən etmək isə çətin deyil. Bəzən bir insanın saç tökülməsi ilə qarşılaşması hələ saç əkimi əməliyyatına baş vurması üçün kifayət edən bir səbəb deyildir. Başqa sözlə, hələ əməliyyata hazır olmaya bilərsiniz.
Artıq saç tökülməsi ilə qarşı-qarşıya qalmağınız diqqətəlayiq görünsə belə, bəzən saç transplantasiyasının tam uğurlu olması üçün biraz daha çox saç tökülməsinə ehtiyacınız ola bilər. Məsələn, əgər saçlarınız gündən-günə tökülməyə davam etdiyi halda siz saç əkimi proseduruna başlasanız, bir müddət sonra əkilən saçların ətrafında tökülmənin hələ də davam etdiyini görə bilərsiniz. Digər tərəfdən, saç əkilməsi üçün kifayət qədər donor saçınız yoxdursa, ehtimal ki, başqa alternativlərə də nəzər yetirməli olacaqsınız. Donor sahələrinin çox zəif olduğu hallarda nəticələr də olduqca zəif olacaqdır. Həkiminiz bütün bunları və digər məlumatları qiymətləndirəcək. Bu qiymətləndirmə saç transplantasiyası üçün uyğun namizəd olub-olmadığınızı müəyyən edəcək.
4. Real olmayan gözləntilər
Saç əkimi prosedurunun nəticələri pasiyentin saç tipinə və sıxlığına görə dəyişə bilər. Uğursuz nəticənin qarşısını almaq üçün qeyri-real gözləntilərdən qaçmaq vacibdir. Bunun üçün hədəflərinizi və gözləntilərinizi həkiminizlə açıq şəkildə bölüşə bilməlisiniz. Həkiminiz sizi qeyri-real gözləntiləriniz barədə xəbərdar edə və bunun yerinə əldə edə biləcəyiniz nümunələrlə tanış edə bilər. Məsələn, kifayət qədər donor qreftiniz yoxdursa, sıx bir saç görünüşü sizin üçün mümkün olmaya bilər. Məhdudiyyətləriniz və potensial nəticələriniz barədə öncədən xəbərdar olmaq prosedur sonunda sizi daha çox məmnun edəcək.
5. Anlaşılmazlıq
Unutmayaq ki, saç əkimi əməliyyatı prosedurun ilkin mərhələsidir, bundan sonra pasiyentləri uzun bir proses gözləyir. Bəzi pasiyentlər proses tamamlanmadan və saçların uzanma şansı olmadan əməliyyatın uğursuz olduğunu düşünürlər. İlkin nəticələri görmək üçün 12 ay və ya daha çox vaxt lazım ola bilər. Təbii ki, mümkün qədər tez nəticə görmək istəmək normal bir gözləntidir. Uğurlu nəticə üçün həkiminizlə məsləhətləşərək sizin üçün təyin olunan əməliyyat sonrası prosedurlara riayət olduqca vacibdir. Dr. Araz Əmirov Beynəlxalaq Dermatoloqlar Assosiasiyasının Üzvü